Trampın mesajından sonra üç region hərəkətə keçdi-Krallıq dağılır
Böyük Britaniyanın daxili siyasi balansında son dövrlər müşahidə olunan dəyişikliklər artıq London üçün sadəcə seçki nəticələri və regional narazılıq məsələsi olmaqdan çıxıb. Şotlandiya, Uels və Şimali İrlandiyanın siyasi rəhbərliklərinin öz müqəddəratını təyin etmək hüququ ətrafında ortaq mövqe formalaşdırması Britaniya dövlətçiliyinin gələcəyi ilə bağlı müzakirələri yeni mərhələyə daşıyır. Xüsusilə üç regionun liderlərinin bir araya gələrək müstəqillik və konstitusion dəyişikliklər məsələsini kollektiv şəkildə gündəmə gətirməsi London hakimiyyətinə siyasi təzyiqi əhəmiyyətli dərəcədə artırır.
Digər tərəfdən, məsələ yalnız Britaniyanın daxili siyasəti ilə məhdudlaşmır. Şotlandiya və Uelsdə müstəqillik tərəfdarı qüvvələrin mövqelərinin güclənməsi, Şimali İrlandiyada isə “Şinn Fein”in əsas millətçi siyasi qüvvə kimi qalması ölkənin ərazi bütövlüyü məsələsini yenidən beynəlxalq gündəmə çıxarır. ABŞ Prezidenti Donald Trampın vahid İrlandiya ideyasına açıq rəğbət ifadə etməsi isə bu prosesə əlavə geosiyasi çalar gətirir.
London bir tərəfdən referendum məsələsində qapını tam bağlamamağa çalışır, digər tərəfdən isə real səsvermənin qarşısını almaq üçün siyasi və hüquqi mexanizmlərdən istifadə edir. Xüsusilə Şotlandiyanın müstəqilliyi məsələsində hökumətin mövqeyi ilə Edinburqun tələbləri arasında ziddiyyət qalmaqdadır. Uelsdə isə müstəqillikdən əlavə, maliyyə, vergi və təbii resurslar üzərində daha geniş səlahiyyətlər tələbi mərkəzi hakimiyyətlə regionlar arasında münasibətlərin yenidən qurulması ehtimalını artırır.
Əgər bu üç region arasında siyasi koordinasiya daha da dərinləşərsə, Böyük Britaniyanın indiki dövlət modeli ciddi sınaq qarşısında qala bilər. Çünki söhbət artıq ayrı-ayrı ərazilərin Londonla səlahiyyət bölgüsündən deyil, gələcəkdə Britaniyanın siyasi xəritəsinin dəyişməsi ehtimalından gedir. Şotlandiyanın müstəqillik məsələsi, Şimali İrlandiyanın İrlandiya ilə mümkün birləşməsi və Uelsdə artan muxtariyyət tələbləri eyni vaxtda gündəmə gəlirsə, bu prosesin Britaniya daxilində domino effekti yaratması mümkündür.
Şotlandiya, Uels və Şimali İrlandiyanın koordinasiyası Böyük Britaniyanın parçalanmasına aparan real siyasi prosesə çevrilə bilərmi?
Şəhla Cəlilzadə: “Trampın qərarları hər an Ukraynanın lehinə və ya əleyhinə dəyişə bilər”
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə məsələ ilə bağlı Musavat.com-a danışdı: “Amerika Birləşmiş Ştatlarının Britaniya imperiyası ilə münasibətlərini bir cümlə ilə belə xarakterizə etmək olar: dünyaya qarşı mövqelərin uzlaşdırılması və əməkdaşlıq, öz aralarında isə üstünlük uğrunda rəqabət. Beləliklə, 1773-cü ildəki “Boston çay qonaqlığı” bu gün yeni dünya nizamının təşkili uğrunda rəqabətdə özünü büruzə verir.
1775-83-cü illər Amerika İstiqlal Müharibəsi və koloniyaların Britaniyadan öz azadlığını elan etməsi, 1812-1815-ci illərdə ABŞ-Britaniya ikinci müharibəsi, 19-cu əsrin sonuna doğru artan geosiyasi rəqabət və Almaniyanın yüksəlişi fonunda 1 və 2-ci dünya müharibələrində ABŞ-nin Britaniya ilə “Böyük Yaxınlaşması” – bütün bunlar hadisələrin tarixi-siyasi izlənməsi üçün mühüm istinad nöqtələridir. 20-ci əsrin sonuna – Soyuq Müharibənin başa çatmasına ABŞ artıq tək qütb olaraq qalmışdı və Britaniya ilə yeni dövrdə xüsusi münasibətlər həm qlobal idarəetmənin paylaşılmasına, həm də yeni formalarda təzahür edən rəqabətə əsaslanır. Məsələn, Britaniya və ABŞ dünya üzrə əksər əməliyyatlarda ortaq mövqe sərgiləyirlər, o cümlədən İraq, Ərəb Baharı, Əfqanıstan, Ukrayna və s. qeyd oluna bilər. Lakin müəyyən məqamlarda fikir ayrılıqları da mövcuddur. Məsələn, ABŞ hazırda Ukraynanı Rusiya qarşısında tərk edərək Avropanın təhlükəsizliyində yükü Avropanın, o cümlədən Britaniyanın üzərinə qoymağa çalışır. Həmçinin, Trampın iqtidara gəlməsindən sonra ABŞ-Britaniya münasibətlərində bir sıra yeni məsələlər – Ümumittifaq (Commonwealth) ölkəsi olan Kanadanın 51-ci ABŞ ştatı olaraq adlandırılması, Argentinanın Folklend adalarının əsl sahibi olması – Britaniyanın iddiasına qarşı – məsələsinin gündəmə gətirilməsi, yaxud Birləşmiş Krallığın parçalanmasını təşviq edəcək separatçı hərəkatların siyasi fəaliyyətinin gücləndirilməsi – bu məsələlər tarixi rəqabətin 21-ci əsrdə yeni təzahürləri olaraq dəyərləndirilə bilər. Tramp ötən günlərdə İrlandiyanın birləşməsi tezisini irəli sürdü. Bu gün Şotlandiya, Uels və Şimali İrlandiyanın rəhbərlərinin Kardif Zirvəsi – Krallıqdan ayrılma istiqamətində ilk ortaq inisiativ kimi baş tutan görüşdə bu ritorika ciddi siyasi fon yaradır. Halbuki 2014-cü il Şotlandiya referendumunda ABŞ Prezidenti Obama açıq şəkildə bildirmişdi ki, ABŞ Böyük Britaniyanın güclü, möhkəm, vahid qalmasında maraqlıdır. İndi isə Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilməsi tələbi qaldırılır və bu mövzuda hələ ki, konsensus yoxdur. Son olaraq, Tramp administrasiyası dövründə Vaşinqton və London arasında İran, NATO, Avropa təhlükəsizliyi, ticarət və indi isə Britaniyanın konstitusion gələcəyi ilə bağlı mühüm fikir ayrılıqları yaranıb.
ABŞ və Britaniya strateji müttəfiq olsalar da, eyni zamanda qlobal təsir, təhlükəsizlik və Qərbin liderliyi məsələlərində struktur rəqabət aparırlar. Düşünürəm ki, hazırda gündəmdə olan “Texit”, yəni Texasın ABŞ-dan ayrılması nə dərəcədə “ciddi” “dəstəklənirsə”, ABŞ da Britaniyanın sərhəd dəyişikliklərində o dərəcədə rol oynaya bilər”.