Moskva Azərbaycana qarşı yeni cəbhə açır – Səfirlik təxribatı, azərbaycanlılara təzyiq və Bakıdan SƏRT MESAJ
Son dövrlər Rusiyanın Azərbaycana münasibətində baş verənlərə məntiqli izah vermək getdikcə çətinləşir. Bir tərəfdən Moskva özünü beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin prinsiplərinin müdafiəçisi kimi təqdim edir, digər tərəfdən isə qonşu ölkələrə münasibətdə həmin prinsipləri öz maraqlarına uyğun şəkildə şərh edir. Azərbaycan səfirliyi ətrafında baş verən son hadisə də (27 avqust tarixində günorta radələrində Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi) bu ziddiyyətli yanaşmanın növbəti nümunəsidir.
Xüsusilə qeyd etmək yerinə düşər ki, hazırda Rusiyada ən adi sosial media paylaşımına və ya hansısa posta “bəyənmə” işarəsi qoymağa görə belə insanların məsuliyyətə cəlb edilməsi, hətta həbs olunması ilə bağlı çoxsaylı faktlar var. Sülh çağırışı ilə küçəyə çıxmaq, təkadamlıq piket keçirmək belə Rusiyada ciddi hüquqi təzyiqlə nəticələnir. Bir nəfərin əlində plakatla dayanmasına görə saxlanılan insanların görüntüləri sosial şəbəkələrdə dəfələrlə yayılıb.

Belə bir şəraitdə Rusiyanın paytaxtında Azərbaycan diplomatik nümayəndəliyinin qarşısında təxribat xarakterli aksiyanın guya heç bir rəsmi qurumun xəbəri olmadan baş verməsi inandırıcı görünmür. Əgər Rusiyada adi vətəndaşın bir paylaşımına belə nəzarət edilirsə, səfirliyin qarşısında keçirilən aksiyadan dövlət strukturlarının xəbərsiz qalması ciddi suallar doğurur. Burada əsas məsələ aksiyanın iştirakçılarının sayı deyil, belə bir fəaliyyətə necə və hansı şəraitdə imkan yaradılmasıdır.
Daha bir diqqətçəkən məqam isə aksiyada iştirak edən millətçi qüvvələrin ideoloji mövqeyidir. Milli bolşeviklərin uzun illərdir səsləndirdiyi bəzi şüarlarla Rusiyanın Ukrayna müharibəsi zamanı istifadə etdiyi ritorika arasında ciddi oxşarlıqların olması təsadüfi görünmür. Vaxtilə həmin çevrələrin Rusiyanın millətçi “Ruskiy marş”larında iştirak etməsi də məlumdur. Rusiya rəsmiləri Ukraynada “denasifikasiya”dan danışarkən, bəlkə də ilk növbədə öz ölkələrində radikal millətçilik və imperiya təfəkkürü ilə bağlı problemlərə nəzər salmalıdırlar. Çünki Moskvanın Ukraynaya qarşı irəli sürdüyü bəzi ittihamların fonunda Rusiyanın daxilində millətçi və radikal ideologiyaların geniş yayılması ciddi paradoks yaradır.
Başqa ölkələrə “daxili təmizləmə” dərsi verməyə çalışan siyasi sistemin öz daxilindəki radikal qüvvələrə münasibəti niyə fərqlidir?
Moskvanın son zamanlar azərbaycanlılara münasibəti də ayrıca narahatlıq doğurur. Rusiyada Azərbaycan vətəndaşlarının saxlanılması, onlara qarşı sərt davranılması, müxtəlif təzyiqlərə məruz qalmaları və hətta vətəndaşlıq məsələsinin təzyiq alətinə çevrilməsi ilə bağlı xəbərlər artır. Rusiya bütün bunlarla nəyə nail olmağa çalışır?Hesab edir ki, Azərbaycan bütün bu addımlara susacaqsa, yanılır. Bakı öz milli maraqlarını və vətəndaşlarının hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək. Moskvanın Ukrayna müharibəsindəki hesablamaları da ayrıca xatırlanmalıdır. Bir vaxtlar Kiyevin bir neçə gün ərzində ələ keçiriləcəyi düşünülən hərbi əməliyyat artıq dörd il 6 aydır davam edir. Rusiya ciddi Qərb sanksiyaları ilə üz-üzədir və beynəlxalq təcrid problemi yaşayır.
Belə bir vəziyyətdə Azərbaycan kimi qonşu və regionda mühüm siyasi çəkisi olan dövlətlə münasibətləri daha da gərginləşdirmək Rusiyaya nə verə bilər? Əksinə, bu siyasət Moskvanın özünü daha da təcrid vəziyyətinə salmaq riskini artırır. Üstəlik, Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycanın Kiyevdəki səfirliyinin üç dəfə zərər görməsi də unudulmamalıdır. Diplomatik nümayəndəliklərin təhlükəsizliyi beynəlxalq hüququn fundamental prinsiplərindən biridir. Vyana Konvensiyası diplomatik nümayəndəliklərin qorunmasını və onların təhlükəsizliyinin təmin edilməsini qəbul edən dövlətin öhdəliyi kimi müəyyənləşdirir.
Burada Rusiyanın ikili standartları xüsusilə diqqət çəkir. Moskvanın diplomatik nümayəndəliyinin qarşısında hətta bir nəfərin etiraz xarakterli şüar səsləndirməsi belə Rusiya tərəfindən “beynəlxalq normaların pozulması” kimi təqdim edilə bilər. Amma söhbət Rusiyanın öz ərazisində başqa ölkənin səfirliyinin təhlükəsizliyindən gedəndə niyə eyni prinsip işləmir?
Moskva anlamalıdır ki, postsovet məkanı artıq keçmiş imperiya coğrafiyası deyil. Azərbaycan da daxil olmaqla region ölkələri müstəqil və suveren dövlətlərdir. Bu dövlətlərlə münasibət yalnız qarşılıqlı hörmət, bərabərhüquqluluq və beynəlxalq hüquq prinsipləri əsasında qurula bilər. Təzyiq, diktə və imperiya ritorikası isə nə siyasi, nə də diplomatik baxımdan nəticə verə bilər.
Azərbaycanın xarici siyasətinin əsas meyarı milli maraqlardır və heç bir dövlət Bakı ilə diktə dili ilə danışa bilməz. Rusiya da anlamalıdır ki, Azərbaycan üzərində təzyiq yaratmaq və müxtəlif aksiyalar vasitəsilə siyasi mesaj vermək ölkənin mövqeyini dəyişdirməyəcək. Əksinə, belə addımlar Moskvanın regiondakı mövqeyinə əlavə zərbə vura və qonşuları ilə problemlərini daha da dərinləşdirə bilər.
Rusiyada sərt nəzarət şəraitində Azərbaycan səfirliyi qarşısında belə aksiyanın keçirilməsinə necə imkan verilib? Rusiya hakimiyyəti diplomatik nümayəndəliyin təhlükəsizliyi məsələsində niyə ikili standart nümayiş etdirir? Moskva azərbaycanlılara qarşı son addımları ilə hansı məqsədi güdür? Rusiya postsovet ölkələrinin artıq müstəqil və suveren dövlətlər olduğunu nə vaxt qəbul edəcək?

Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a bildirib ki, Rusiyanın son dövrlər Azərbaycana qarşı yürütdüyü siyasət beynəlxalq hüquq prinsipləri ilə real əməllər arasındakı dərin ziddiyyəti bir daha üzə çıxarır:
“Özünü beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Rusiya hakimiyyəti iş qonşu dövlətlərə gəldikdə bu prinsipləri sırf öz konyuktur maraqlarına uyğun şəkildə təhrif edir. Rusiya paytaxtında Azərbaycanın diplomatik nümayəndəliyi ətrafında yaşanan son hadisə də məhz bu ikili standartların növbəti bariz təzahürüdür. Vətəndaş cəmiyyətinə və fərqli düşüncəyə qarşı ifrat dərəcədə sərt nəzarət mexanizminin tətbiq olunduğu, sosial şəbəkələrdəki adi bir reaksiyaya, sülh çağırışına və ya təkadamlıq piketə görə insanların dərhal həbs edildiyi bir ölkədə, suveren bir dövlətin səfirliyi qarşısında təxribatçı aksiyanın rəsmi strukturların xəbəri və ya razılığı olmadan baş tutması heç bir məntiqə sığmır. Burada əsas məsələ kütlənin sayı deyil, dövlət nəzarətinin bu dərəcədə total olduğu bir məkanda belə radikal addımlara bilərəkdən yaşıl işıq yandırılmasıdır”.
Parlamentarinin sözlərinə görə, aksiyada boy göstərən radikal millətçi və milli-bolşevik qüvvələrin ideoloji xətti ilə Rusiyanın hazırkı rəsmi dövlət ritorikası arasındakı üst-üstə düşən məqamlar isə mənzərəni daha da aydınlaşdırır:
“Vaxtilə “Rus marşları”nda yer alan bu çevrələrin imperiya iddiaları ilə zəngin şüarları bu gün dövlət səviyyəsində tirajlanan ideologiyadan fərqlənmir. Qonşu ölkələrdə “radikalizmlə mübarizə” adı altında hərbi müdaxilələrə bəraət qazandırmağa çalışan bir sistemin öz daxilindəki şovinist və radikal ideologiyaları bəsləməsi dərin bir siyasi paradoksdur. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılara qarşı artan təzyiqlər, onların kütləvi şəkildə saxlanılması və vətəndaşlıq məsələsinin bir siyasi rıçaq kimi istifadə olunması Moskva siyasətinin hansı istiqamətə yönəldiyini göstərir. Lakin nəzərə alınmalıdır ki, Bakı öz vətəndaşlarının hüquqlarını və milli maraqlarını hər zaman qətiyyətlə müdafiə etmək gücünə qadirdir və heç bir təzyiq qarşısında susmayacaq”.
Deputat onu da diqqətə çatdırıb ki, Ukraynadakı hərbi əməliyyatların uzanması, ağır sanksiyalar və beynəlxalq təcridlə üz-üzə qalan Rusiyanın regionun əsas siyasi və iqtisadi aktoru olan Azərbaycanla münasibətləri qəsdən gərginləşdirməsi tamamilə qeyri-rasional addımdır:
“Ukrayna müharibəsi dövründə Azərbaycanın Kiyevdəki səfirliyinin dəfələrlə zərər görməsi də daxil olmaqla, diplomatik toxunulmazlıq məsələsində nümayiş etdirilən səhlənkarlıq Vyana Konvensiyasının fundamental şərtlərinin pozulmasıdır. Rəsmi Moskva öz diplomatik missiyalarına qarşı ən kiçik narazılığı belə beynəlxalq hüququn tapdalanması kimi dəyərləndirdiyi halda, öz ərazisində başqa dövlətin diplomatik təhlükəsizliyinə göz yumursa, bu, yalnız siyasi səmimiyyətsizlikdən xəbər verir. Şimal qonşumuz anlamalıdır ki, postsovet məkanı artıq keçmiş imperiyanın nüfuz dairəsi deyil və suveren Azərbaycanla yalnız bərabərhüquqlu tərəfdaşlıq dili ilə danışmaq mümkündür, diktə və şantaj siyasəti isə Rusiyanı regionda daha böyük təcridə və nüfuz itkisinə məhkum edir”.