“Qafqaz xalqları ölümə göndərilir” – Rusiyanın çərkəzlərə qarşı təqibi üsyan doğurur

Azərbaycanın “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə 2026-cı il avqustun 22-də “Rusiyada çərkəzlərə qarşı şiddətlənən təqiblər” mövzusunda onlayn konfrans keçirilib.

“İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk bildirib ki, Rusiya bu gün “qeyri-rus xalqların həbsxanası”na çevrilib. Onun sözlərinə görə, Moskva rejimi çarizmin və neostalinizmin ən eybəcər üsullarından istifadə edərək etnik və dini dözümsüzlüyü dövlət siyasəti səviyyəsinə qaldırıb.

Aida Eyvazlı Göytürk qeyd edib ki, son vaxtlar Rusiyada çərkəzlərə qarşı təqiblərin şiddətlənməsi Azərbaycanda da vətəndaş cəmiyyətinin hiddətinə səbəb olub. O, Rusiyanın güc strukturlarının çərkəzlərin hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan Xalid Karafın oğlunu oğurlaması və ailəsinə amansız təzyiqlər göstərilməsi barədə məlumatları nümunə gətirərək bu addımları “dəhşətli hücumlar” kimi qiymətləndirib.

Fransadan konfransa qoşulan Ümumdünya Çərkəz İttifaqının həmtəsisçisi İbrahim Yaqanov Çar Rusiyasının çərkəzlərə qarşı həyata keçirdiyi soyqırımı siyasətinin bu gün Moskva rejimi tərəfindən davam etdirildiyini bildirib.

O qeyd edib ki, çərkəz gənclər zor və təhdid yolu ilə Ukraynadakı müharibəyə cəlb olunur, döyüşmək istəməyənlərin ailələri isə qorxu və təzyiq altında saxlanılır. İbrahim Yaqanovun sözlərinə görə, Şimali Qafqaz xalqları – ləzgilər, çərkəzlər və çeçenlər Rusiya ordusunun səfərbərlik kampaniyası üçün “əsas baza”ya çevrilib, bu xalqların nümayəndələri kütləvi şəkildə qırğına verilir və açıq-aşkar ölümə göndərilir.

İ.Yaqanov bildirib ki, artıq həmin regionlarda doğum səviyyəsi aşağı düşüb və ciddi demoqrafik böhran yaşanır. Onun iddiasına görə, vəziyyət o həddə çatıb ki, qeyri-rus vətəndaşlar ictimai nəqliyyatdan düşürülərək birbaşa müharibəyə aparılır, daha sonra isə onların guya könüllü olduqları bildirilir.

O, müharibədə ölənlərin hamısına ölüm haqqında şəhadətnamə verilmədiyini, itkin düşənlərin qeydiyyatının düzgün aparılmadığını da söyləyib. İ.Yaqanovun sözlərinə görə, cəsədlərin bir hissəsi yandırılır və ya kütləvi şəkildə dəfn olunur, itkilərə dair rəqəmlər isə saxtalaşdırılır.

Bildirilib ki, çərkəzlərin və digər qeyri-rus xalqların çoxsaylı nümayəndələri illərdir doğmaları haqqında rəsmi qurumlardan məlumat ala və onların adlarını müvafiq siyahılarda tapa bilmirlər.

Litvadan konfransa qatılan Ümumdünya Çərkəz İttifaqının sədri Fatimat Kardanova-İanonene çərkəzlərin harayına səs verdiyinə görə Azərbaycana təşəkkür edib.

O, uzun əsrlər Rusiyanın müstəmləkəçilik siyasətindən əziyyət çəkmiş Azərbaycanın Şuşa Zəfərinin Rusiyada müstəmləkə zülmünə məruz qalan bütün xalqlar üçün ilham mənbəyinə çevrildiyini vurğulayıb. Fatimat Kardanova-İanonene bildirib ki, Azərbaycan bu Zəfərlə Qafqazda Rusiya zülmünə son qoymağı bacaran ilk ölkə olub.

Ümumdünya Çərkəz İttifaqının sədri müstəqilliyin çərkəzlərin də tarixi haqqı olduğunu bildirib və onların bu yoldan heç vaxt dönməyəcəklərini diqqətə çatdırıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli yaranmış geosiyasi vəziyyəti ətraflı şərh edib.

O bildirib ki, Moskva rejiminin irticaçı davranışlarının güclənməsi Kremldə hələ də çar və ya Stalin dövrünün davam etdiyini düşündüklərini göstərir:

“Amma yanılırlar. Nə dövr həmin dövrdür, nə də qarşılarındakı xalqlar əvvəlki kimi müti xalqlardır”.

Z.İbrahimli qeyd edib ki, Rusiyada qeyri-rus xalqlara qarşı təzyiqlər artdıqca bu siyasət əks nəticə verəcək və həmin xalqların milli oyanışını daha da gücləndirəcək. Onun sözlərinə görə, Rusiyada nəhayət anlamalıdırlar ki, əvvəlki üsullar artıq işləmir, tarix və dövr köklü şəkildə dəyişib.

O, son vaxtlar Rusiyada azərbaycanlılara qarşı yeni hücum kampaniyasına başlanıldığını da bildirib və bunu qəbuledilməz adlandırıb. Z.İbrahimli vurğulayıb ki, Moskva rejimi bu cür cılız və iyrənc addımlarla öz məqsədlərinə bu dəfə də nail ola bilməyəcək.

Azərbaycan Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli Rusiya hakimiyyətini qeyri-rus xalqlara, o cümlədən çərkəzlərə qarşı repressiyalara son qoymağa çağırıb.

O xatırladıb ki, ötən il Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki qardaş – Hüseyn və Ziyəddin Səfərovlar öz evlərində, ailələrinin gözü qarşısında işgəncəyə məruz qoyulub və daha sonra öldürülüblər. Seyfəddin Hüseynlinin sözlərinə görə, onların “yeganə günahı” etnik mənsubiyyətləri olub.

O əlavə edib ki, daha sonra onların digər qardaşı Bakir Səfərov həbs edilib, barəsində saxta məhkəmə prosesi qurulub və bu yaxınlarda minlərlə kilometr uzağa – Sibirin dərinliklərində yerləşən həbsxanaya göndərilib.

S.Hüseynli bu cür hadisələrin Rusiyada adi hala çevrildiyinə diqqət çəkib və prosesləri yaxından izlədiklərini bildirib. Mərkəzin sədri xüsusi vurğulayıb ki, insan ləyaqətinin milliyyəti, qanunun isə etnik üzü olmamalıdır.

Almaniyadan konfransa qatılan Azad Millətlər Liqasının Rəyasət Heyətinin və Ümumdünya Çərkəz Agentliyi Şurasının üzvü Rüstəm Xuajayev çərkəzlərin öz vətənlərində təqib olunmasını Rusiyanın beynəlxalq hüquq normaları ilə hesablaşmaması ilə əlaqələndirib.

O bildirib ki, Rusiyada qeyri-rus xalqlara qarşı özbaşınalıq görünməmiş həddə çatıb. Rüstəm Xuajayev xüsusilə Qaraçay-Çərkəzdə yaşayan çərkəzlərin daha ağır vəziyyətə salındığını qeyd edib. O, çərkəz torpaqlarının Rusiya tərəfindən işğal edildiyini bildirərək azadlıq mübarizəsində milli birliyin vacibliyini önə çəkib.

Müzakirələr zamanı Rusiyanın işğal etdiyi ərazilərdə ilk növbədə həbsxanalar inşa etməsi də rejimin əsl mahiyyətinin göstəricisi kimi qiymətləndirilib.

Konfransın yekununda Azərbaycan və çərkəz icmaları, eləcə də vətəndaş cəmiyyəti institutları arasında müzakirələrin daha intensiv şəkildə davam etdirilməsi və birgə təşəbbüslərin artırılması qərara alınıb

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir