Azərbaycan və Özbəkistan birləşir, Avrasiyanın xəritəsi dəyişir – Əsas hədəf BUDUR

“Qlobal geosiyasi sistem miqyaslı transformasiya dövrünü yaşayır. Güc nisbətinin dəyişməsi, yeni nüfuz mərkəzlərinin formalaşması və beynəlxalq münasibətlərdə dövlətlərin rolunun yenidən qiymətləndirilməsi prosesi fonunda müstəqil, çoxvektorlu xarici siyasət yürüdən orta güclərin rolu getdikcə artır. Bu baxımdan Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq xüsusi diqqət çəkir. Müasir dövrdə iki dövlət arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, bu sarsılmaz münasibətlərin bünövrəsi hələ 30 ilə yaxın bir müddət əvvəl, Ümummilli Lider Heydər Əliyevin Özbəkistana tarixi səfəri zamanı qoyulub:

“Məhz o dövrdə Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı bir-birinə bağlayan Transqafqaz nəqliyyat dəhlizinin yaradılması ideyası irəli sürülüb ki, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas sütununa çevrilib. Tarixən irəli sürülmüş bu strateji baxış bu gün real müstəvidə öz əksini tapır”.

HGSQESrxwhQcZlMKPK20HDpLlWguvYyTKYFRRDUv_1200.jpg (88 KB)

Deputat vurğulayıb ki, nəqliyyat və logistika sahəsində birgə layihələrin həyata keçirilməsi, Xəzər dənizində birgə Özbəkistan-Azərbaycan donanmasının yaradılması və dəniz infrastrukturlarının genişləndirilməsi bunun bariz nümunəsidir:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yaradılan birgə logistika mərkəzi Azərbaycanın dəmir yolu şəbəkəsi və regional nəqliyyat marşrutları ilə inteqrasiya olunaraq Avrasiyanın nəqliyyat memarlığında mühüm qovşaq rolu oynayır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin reallaşması ilə Şərqdən gələn yük axınının Orta Dəhliz vasitəsilə Avropaya çatdırılmasında Bakı limanının strateji əhəmiyyəti daha da artır. Bu tərəfdaşlıq ikitərəfli çərçivədən çıxaraq böyük regionun tranzit potensialını gücləndirir”.

01da4501386c05bc00990231f172487d.jpg (296 KB)

Kamran Bayramovun qənaətinə görə, qlobal təcrübə göstərir ki, dövlətlərarası razılaşmaların uğuru birbaşa liderlər arasındakı qarşılıqlı etimaddan asılıdır:

“Dünyada mövcud olan bir çox geosiyasi ittifaqların sarsıldığı bir dövrdə Azərbaycan və Özbəkistan münasibətləri ardıcıllıq və yüksək etimad nümayiş etdirir. İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı siyasi iradə, səmimi dostluq və qarşılıqlı hörmət müttəfiqlik əlaqələrinin dərinləşməsinə xidmət edir. Qarabağ regionunun bərpası və iqtisadi dirçəlişi prosesində Özbəkistanın nümayiş etdirdiyi qardaşlıq dəstəyi isə bu münasibətlərin əməli göstəricisidir. Füzulidə inşası tamamlanmış müasir təhsil müəssisəsi və Xankəndidə fəaliyyətə başlayan iri tikiş fabriki iki xalq arasında sarsılmaz həmrəyliyin rəmzinə çevrilib. Bu cür layihələr tərəfdaşlığın sadəcə bəyanatlardan ibarət olmadığını, real addımlarla dəstəkləndiyini təsdiqləyir”.

Milli Məclis təmsilçisi həmçinin qeyd edib ki, Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması və Ali Dövlətlərarası Şuranın, eləcə də Birgə İnvestisiya Şirkətinin təsisi ikitərəfli əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirib:

“Hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müdafiə qabiliyyətinin artırılmasına xidmət etməklə yanaşı, iqtisadi platformalar ticarət dövriyyəsinin kəskin artmasına şərait yaradır”.

Kamran Bayramov yekunda bildirib ki, Bakı və Daşkənd arasındakı strateji tandem həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin aparıcı hərəkətverici qüvvəsidir:

“İki dövlətin sıx əməkdaşlığı Türk dünyasının birliyini möhkəmləndirməklə yanaşı, onun qlobal miqyasda nüfuzlu bir güc mərkəzinə çevrilməsinə təkan verir. Beləliklə, Azərbaycan və Özbəkistanın formalaşdırdığı bu Avrasiya oxu yalnız iki ölkənin milli maraqlarını təmin etmir, həm də bütün regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın mühüm zəmanətçisinə çevrilir”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir