Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

Reklam sahəsi

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 15,4 faizi siqaret istifadəçisidir.

Elchi.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, siqaret çəkənlərin xüsusi çəkisi yaş artdıqca yüksəlir. Belə ki, 15-19 yaş qrupunda bu göstərici 0,3 faiz, 20-44 yaş arasında 15,3 faiz, 45-64 yaş arasında 21,4 faiz təşkil edir. 65 yaş və yuxarı əhali arasında isə siqaret çəkənlərin payı 14,9 faizdir.

Məcmuədə qeyd olunur ki, siqaret istifadəçiləri bu vərdişə orta hesabla 22,7 yaşında başlayırlar. 15-19 yaş qrupunda siqaretə başlama yaşı orta hesabla 16,7, 20-44 yaş arasında 21,7, 45-64 yaş arasında 23,5, 65 yaş və yuxarı əhali arasında isə 23,7 yaş göstərilib.

Statistikaya görə, siqaret çəkənlər gündə orta hesabla 15,6 ədəd siqaret istifadə edirlər. Gündə 20 ədəddən çox siqaret çəkənlərin payı isə 7,3 faiz təşkil edir.

Bundan başqa, rəsmi məlumatlar siqaret çəkənlərin böyük əksəriyyətinin bu vərdişdən hər gün istifadə etdiyini göstərir. Belə ki, siqaret istifadəçilərinin 96,1 faizi hər gün, 3,9 faizi isə arabir siqaret çəkir. Gündəlik siqaret istifadəsi ən yüksək göstərici ilə 45-64 yaş qrupunda (97,5 faiz) qeydə alınıb. 20-44 yaş qrupunda bu göstərici 95,2 faiz, 65 yaş və yuxarı əhali arasında 95,6 faiz, 15-19 yaş qrupunda isə 76,4 faizdir. Yeniyetmə siqaret istifadəçilərinin 23,6 faizi isə siqaretdən arabir istifadə etdiyini bildirib.

Məlumata əsasən, siqaret çəkənlərin demək olar hamısı sənaye üsulu ilə istehsal edilmiş siqaretə üstünlük verir. Belə ki, istifadəçilərin 99,8 faizi məhz bu növ siqaret çəkir. Elektron siqaretdən istifadə edənlərin payı isə cəmi 0,1 faizdir. Qəlyan, siqar və siqarillo istifadəçilərinin xüsusi çəkisi isə statistik baxımdan əhəmiyyətsiz səviyyədədir. (modern.az)

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir