Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər.
Bu barədə Elchi.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, növbəti dəfə avqustun 2-8-də keçiriləcək 7-ci düşərgə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Düşərgədə iştirak etmək üçün 64 ölkədən 123 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri artıq ölkədədir.
İştirakçılar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Daha sonra onlar 1-ci və 2-ci Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Gənclərə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli birliyin qorunması və diaspor siyasətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin qəhrəmanlığından, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və bu qələbənin Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını təşkil etməsindən bəhs olunub
Paytaxtdakı ziyarət proqramını başa vuran düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüblər. Fransanın Bordo Monteyn Universitetinin tələbəsi Banu Cavadova Vətənə gəldiyinə görə böyük sevinc hissi keçirdiyini bildirib, düşərgənin müxtəlif ölkələrdən olan azərbaycanlı gənclərlə yeni dostluq əlaqələri qurmaq üçün əhəmiyyətli imkan yaradacağına əminliyini ifadə edib.
ABŞ-nin Boston Universitetinin tələbəsi Murad Bayramzadə Qarabağı görmək arzusunun gerçəkləşdiyini qeyd edib, Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin həyatında unudulmaz iz buraxacaq təcrübələrdən biri olacağını söyləyib.
Vyetnamda ingilis dili müəllimi kimi fəaliyyət göstərən Selen Sultan Şəhidlər xiyabanını ilk dəfə ziyarət etdiyini, burada olmağın onda həm qürur, həm də dərin duyğular oyatdığını deyib.
Rusiyanın Yekaterinburq şəhərindən gələn tələbə Mütəllim Umudov Vətənə gəlməyin sevincini bölüşüb, Qarabağa ilk səfərini səbirsizliklə gözlədiyini dilə gətirib.
Şərqi Zəngəzur iqtisadi rayonunda “Dirçələn şəhərlər” şüarı altında təşkil olunacaq düşərgə çərçivəsində panel müzakirələri, şəhid ailələri, diplomatlar və incəsənət xadimləri ilə görüşlər, müxtəlif mövzularda təlimlər, intellektual və əyləncəli proqramlar, musiqili gecələr, eləcə də ekskursiyalar keçiriləcək.
Qeyd edək ki, indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində Diaspor Gənclərinin Yay düşərgələri təşkil olunub. Bu düşərgələrə dünyanın 84 ölkəsindən ümumilikdə 700-dən artıq gənc qatılıb.