Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi
Rumıniyada Dunay çayında suyun səviyyəsinin düşməsi səbəbindən göyərtəsində 200-dən çox insan olan İsveçrə gəmisi qumluğa oturub.
Elchi.az xəbər verir ki, bu barədə “Digi24” məlumat verir.
İsveçrə bayrağı altında üzən sərnişin gəmisi Rumıniyanın cənub-qərbində, faktiki olaraq Serbiya ilə sərhəddə yerləşən Drobeta-Turnu-Severin limanından yola düşərək Bolqarıstanın Vidin şəhərinə doğru hərəkət edirdi.
Rumıniyanın Salça şəhəri yaxınlığında Dunay çayında suyun səviyyəsinin həddindən artıq aşağı olması səbəbindən gəmi qumluğa oturub. Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında gəmini yerindən tərpətmək üçün bir neçə cəhd edilsə də, buna nail olunmayıb.
Gəminin göyərtəsində 186 sərnişin və 52 heyət üzvü var. Onun qumluqdan çıxarılma şansı aşağı qiymətləndirilir.