ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında Ebola epidemiyasının faktiki sayının məlum olandan iki dəfədən çox ola biləcəyi barədə xəbərdarlıq etdi, çünki davam edən münaqişələr təsirlənmiş ərazilərə girişi məhdudlaşdırır.
Elchi.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası ilə bağlı görülən işlər və mövcud çətinliklər barədə açıqlamalar verdi. May ayında epidemiya elan edildikdən bəri 2500-dən çox yoluxma halının qeydə alındığını, 1000-dən çox ölüm və 500-dən çox sağalma halının qeydə alındığını xatırladan Qebreyesus qeyd etdi ki, ölümlərin əksəriyyəti müalicə mərkəzlərində deyil, mülki yaşayış məntəqələrində baş verib. Qebreyesus pandemiya ilə mübarizədə ən böyük maneənin təhlükəsizlik məsələsi olduğunu vurğulayaraq bildirib ki, “Təhlükəsizlik və aktiv münaqişələr təsirlənmiş ərazilərə girişi məhdudlaşdırmağa davam etdiyi üçün yoluxanların faktiki sayının iki dəfədən çox ola biləcəyi təxmin edilir”. O qeyd etdi ki, təmasların izlənməsi müəyyən edilmiş şəxslərin təxminən 80%-nə çatsa da, qruplar hər bölgəyə daxil ola, xəstələrə diaqnoz qoya və hər yerə çata bilmir. Əldə edilən irəliləyişlərə baxmayaraq, o, pandemiyanın yayılmasının cavab tədbirləri sürətini aşdığını bildirdi.
“KDR xalqına sülh lazımdır.”
Qebreyesus bildirib ki, İturi bölgəsində yoluxmanın azaldılması və yeni təsirlənmiş ştatlarda sürətlə artan potensial pandemiya ilə mübarizədə prioritet məqsədlərdir və təcili ehtiyac duyulan humanitar dəhlizin açılması üçün atəşkəs istiqamətində siyasi addımlar atılmalıdır. Texniki çətinliklərlə yanaşı, siyasi həllə ehtiyac olduğunu vurğulayan Qebreyesus bildirib ki, “KDR xalqı bu pandemiya ilə təkbaşına mübarizə apara bilməz. Onların beynəlxalq ictimaiyyətin davamlı dəstəyinə və ən əsası sülhə ehtiyacı var.”