Aİ Böyük Britaniyaya Ukrayna üçün silah istehsalı sifarişlərində iştirak icazəsi verdi
Avropa İttifaqı ölkələri Böyük Britaniya ilə müqaviləni təsdiqləyiblər. Bu müqavilə britaniyalı müdafiə şirkətlərinə Ukrayna üçün 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində silah istehsalı sifarişlərini qəbul etməyə icazə verir.
Elchi.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilir.
“Aİ ölkələri bu gün Birləşmiş Krallığın Ukraynanın 2026-2027-ci illərdəki təcili ehtiyaclarını ödəmək və Rusiya ilə müharibəni davam etdirə bilməsi üçün 90 milyard avroluq Avropa maliyyələşdirmə proqramında iştirakı haqqında sazişi təsdiqləyiblər”, — deyə sənəddə qeyd olunur.
Bu saziş iyulun 13-də imzalanıb. Avropa Komissiyasının daha əvvəl izah etdiyi kimi, Britaniyanın müdafiə-sənaye kompleksinin bu Aİ proqramı üzrə Ukraynadan hərbi müqavilələr ala bilməsi üçün Böyük Britaniya hökuməti öz tərəfindən həmin müqavilənin dəyərinin bir hissəsini Britaniya büdcə vəsaitlərindən ödəməlidir.
Bu proqram üzrə maliyyələşmənin hər bir tranşını almaq üçün Kiyev həmin tranş çərçivəsində ödəməyi nəzərdə tutduğu bütün silah tədarükü müqavilələrini təsdiq olunmaq üçün Avropa Komissiyasına təqdim etməyə borcludur. Yalnız müqavilələr yoxlanıldıqdan sonra Avropa Komissiyası pulun növbəti hissəsini ayırır. Hazırda o, Kiyevə ümumi məbləği 4,9 milyard avro olan iki tranş ayırıb.
Məryəm