Bu dövlət təhsil müəssisələrində işləyən müəllimlərin sertifikatlaşdırma qaydası təsdiq edildi
Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası təsdiq edilib.
Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
Bildirilir ki, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Qaydaya əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar- 3 (üç) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Sertifikatlaşdırma Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilir.