Azad edilmiş ərazilərdə indiyədək 287 385 ha minadan təmizlənib

Reklam sahəsi

İşğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 ha təmizlənib, 255 200 (189 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

Elchi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.

ANAMA sədri bildirib ki, bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir:

“Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir. Ən müasir texnologiyalar və mexaniki vasitələrdən istifadə olunsa da, humanitar minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir. Minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti hər bir əməliyyatın uğurunu təmin edən əsas amildir”.

Qeyd olunub ki, Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən böyük humanitar çağırışlardan biri işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı mina və digər partlayıcı sursatlarla çirklənməsi olub.

ANAMA sədri bildirib ki, Azərbaycan bu gün dünyanın mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir:

“Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilər mürəkkəb relyefə və sıx bitki örtüyünə malikdir, bu kimi çətin keçilən sahələrdə fəaliyyət humanitar minatəmizləmə əməliyyatlarını daha da mürəkkəbləşdirən əsas amillərdəndir.

Ölkəmizin üzləşdiyi mina təhlükəsi insanların həyat və sağlamlığı, ətraf mühit, bərpa işləri, eləcə də Böyük Qayıdış Proqramının icrası üçün ciddi təhlükə yaratmaqda davam edir. Mina təhlükəsi təkcə təhlükəsizlik məsələsi deyil. Bu, humanitar, sosial, iqtisadi və ekoloji inkişafın qarşısında duran əsas maneələrdən biridir. Hər bir təmizlənmiş torpaqsahəsi yeni yaşayış məntəqələrinin salınmasına, yolların, məktəblərin, xəstəxanaların, enerji və su infrastrukturunun tikintisinə, kənd təsərrüfatının inkişafına və insanların doğma yurdlarına təhlükəsiz qayıdışına xidmət edir.

Məhz buna görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir. Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir. Bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir