İstehlaka yararsız 30 tondan çox ət məhv edilib
Bu ilin 6 ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Onun sözlərinə görə, ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb: “Nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət, o cümlədən 432 kiloqram at əti məhv edilib.
AQTA-nın sədr müavini qeyd edib ki, ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib.
O əlavə edib ki, yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb, 2 məktəb bufetinin fəaliyyəti isə məhdudlaşdırılıb.