İrandakı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gələ bilər
ABŞ İrandakı əməliyyatın keçirilməsinə 80 milyard dollardan 100 milyard dollara qədər vəsait xərcləyə bilər, bu isə Pentaqonun rəsmən açıqladığı məbləğdən təxminən üç dəfə çoxdur.
Elchi.az xəbər verir ki, bu barədə “NBC” telekanalı qurumun daxili qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ-nin müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Herst iyulun 14-də Senatdakı dinləmələrdə bəyan edib ki, Yaxın Şərqdə zərər çəkmiş bazaların təmiri nəzərə alınmadan ABŞ-nin İrandakı əməliyyata xərcləri 30 milyard dollar qiymətləndirilir. Bu məbləğə silah-sursat ehtiyatlarının bərpası xərcləri daxildir. Lakin Herst aydınlaşdırıb ki, bu qiymətləndirmə bir neçə ay əvvəl aparılıb və onun əlində daha yeni məlumatlar yoxdur.
Pentaqonun daxili qiymətləndirmələrinə görə, bazaların təmiri, məhv edilmiş təyyarələrin əvəzlənməsi və döyüş sursatı ehtiyatlarının bərpası nəzərə alınmaqla, hərbi əməliyyatların xərcləri 80-100 milyard dollara qədər yüksələ bilər. Mənbələr hesab edir ki, ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinin təmiri təkbaşına 1 milyard dollara başa gələ bilər.
Məryəm