Qrossi: İstənilən AES-ə hücum edilməsi tamamilə qəbuledilməzdir

Reklam sahəsi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi yerləşdiyi məkandan asılı olmayaraq, istənilən atom elektrik stansiyasına hücumların yolverilməz olduğunu bəyan edib.

Elchi.az xəbər verir ki, o, bu barədə “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçovla danışıqlardan sonra jurnalistlərə müsahibəsində bildirib.

“Çatdırmaq istədiyim mesaj çox aydın və çox vacibdir, bu, BMT Təhlükəsizlik Şurasında və BAEA-nın Müdirlər Şurasında müzakirə olunan məsələdir — heç bir AES-ə qarşı heç bir hücum mümkün deyil və qəbuledilməzdir. İstər Zaporojye AES olsun, istər Buşəhr, “Bərəkə” və ya Kursk AES. Mənim üçün atom obyektlərinin adları arasında heç bir fərq yoxdur”, — deyə Qrossi vurğulayıb.

BAEA-nın baş direktoru qeyd edib ki, hazırda agentlik İranın Buşəhr şəhərindəki atom elektrik stansiyasına birbaşa hücum müşahidə etmir və bunu təsdiqləmir.

“Biz də ‘Rosatom’ kimi ‘Buşəhr’də cərəyan edən vəziyyəti izləyirik və bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq, çünki istənilən atom obyektinin fiziki bütövlüyü nüvə obyektlərinin təhlükəsizliyinin mütləq prioritetidir”, — deyə Qrossi qeyd edib.

“Atom obyektlərinin fiziki bütövlüyünə hər hansı təsir göstərilməsi tamamilə yolverilməzdir”, — deyə o, fikrini təkrar edib.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir