Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın yenidən başlamasının tərəfdarıdır
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın ortaq prioritetlər və konkret əməkdaşlıq mexanizmlərini müəyyən edən yol xəritəsi əsasında yenidən başlanmasının tərəfdarıdır.
Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerikanın Müstəqillik Günü münasibətilə ABŞ səfirliyində təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstan uzun illərdir ABŞ-nin sadiq, etibarlı və məsuliyyətli tərəfdaşı olub və regional təhlükəsizlik məsələlərində Vaşinqtonla ardıcıl əməkdaşlıq edib.
“ABŞ strateji prioritetlərini həyata keçirmək üçün Gürcüstanın dəstəyinə ehtiyac duyduğu zaman ölkəmiz hər zaman etibarlı tərəfdaş kimi bu çağırışa cavab verib”, – Kobaxidze vurğulayıb.
Onun sözlərinə görə, son geosiyasi proseslər Cənubi Qafqazın həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyətini daha da artırıb və bu şəraitdə Gürcüstanın rolu xüsusi önəm daşıyır.
Baş nazir qeyd edib ki, mövcud geosiyasi dəyişikliklər fonunda iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur:
“Son illərdə yaranan çətinliklərə baxmayaraq, inanırıq ki, ümumi prioritetləri, əməkdaşlığın praktiki mexanizmlərini və aydın strateji məqsədləri müəyyən edən konkret yol xəritəsi vasitəsilə strateji tərəfdaşlığımızı yenidən başlatmağın vaxtı gəlib çatıb. Gürcüstan qarşılıqlı hörmətə, ədalətə və əməkdaşlıq üçün aydın çərçivəyə əsaslanan strateji tərəfdaşlıq təklif edir”.