Azərbaycanda hansı dərmanların reklamı qadağandır? – RƏSMİ
Son dövrlərdə sosial media platformalarında müxtəlif dərman preparatlarının reklamlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə bəzi əczaçıların internet üzərindən konkret dərmanları tövsiyə etməsi insanların həkim müayinəsindən keçmədən həmin vasitələrdən istifadə etməsinə səbəb ola bilir.
Bəs bu nə dərəcədə düzgündür?
Mütəxəssislər bildirirlər ki, həkim nəzarəti olmadan dərman qəbul etmək sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Belə hallarda mədə qanaxması, böyrək funksiyasının kəskin pozulması, arterial təzyiqin təhlükəli həddə yüksəlməsi və ürək-damar sistemi ilə bağlı ağırlaşmaların yaranma ehtimalı artır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycanda yalnız reseptsiz satılan dərman vasitələrinin reklamına icazə verilir. Resept əsasında satılan preparatların reklam edilməsi isə qanunla qadağan olunub.
Mərkəzdən həmçinin bildirilib ki, sosial şəbəkələrdə ölkədə dövlət qeydiyyatına alınmayan dərmanların sifariş əsasında gətirilməsi ilə bağlı elanlar yayılır. Bu cür fəaliyyət qanunsuz hesab edilir və həmin məhsulların saxlanılması, daşınması və keyfiyyətinə nəzarət etmək mümkün olmur.
Mövzu ilə bağlı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən qeyd edilir ki, satış məqsədilə yayılan və həqiqəti əks etdirməyən dərman reklamları istehlakçıların aldadılması kimi qiymətləndirilə bilər.
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, əgər dərman reklamlarında həkimlə məsləhətləşməyin vacibliyi göstərilməzsə, vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manat məbləğində cərimə ilə üzləşə bilərlər./milli.az/