Polşa Ukraynaya qarşı sərt tələblər irəli sürüb
Kiyev Varşavanın bütün şərtlərini yerinə yetirməyincə, Polşa Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını təsdiqləməməlidir.
Elchi.az xəbər verir ki, Seym sədrinin müavini Kşiştof Bosak sosial mediada Polşanın sərt tələblərini açıqlayıb.
Onun sözlərinə görə, Aİ-yə daxil olmaq üçün Kiyev Bandera ideologiyasından əl çəkməli və Ukraynada yaşayan polyak azlığına hörmətlə yanaşmağa başlamalıdır.
“Bunlar hətta Ukraynanın Aİ-yə daxil olmasına razılığımız üçün şərtlər deyil, daha çox Polşanın bu məsələni nəzərdən keçirməsi üçün ilkin şərtlər olmalıdır. İndi Polşanın Ukrayna ilə bağlı maraqlarını və gözləntilərini aydın şəkildə ifadə etməsinin vaxtıdır”, – o yazıb.
Bundan əvvəl Polşanın Kielce şəhərinin şəhər şurasının üzvləri Ukrayna hakimiyyət orqanlarından və Vinnitsa sakinlərindən Ukrayna Millətçiləri Təşkilatının lideri Stepan Banderanın şərəfinə küçənin adının dəyişdirilməsini tələb edən qətnamə layihəsi hazırlamaq qərarına gəliblər.
Yeganə