Kallasdan İran və İsrailə ÇAĞIRIŞ
İyunun 8-də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İran və İsraili bir-birinə zərbələr endirdikdən sonra onları sakitliyə çağırıb.
Elchi.az xəbər verir ki, Kallas bu barədə Kiprdə Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü zamanı deyib
“Dünən gecə biz vəziyyətin növbəti gərginləşməsinin şahidi olduq. İnanıram ki, regionun gərginliyə ehtiyacı yoxdur; tərəflər danışıqlar masası arxasına əyləşib razılığa gəlməlidirlər”, -deyə Kallas bildirib.
ABŞ və İran arasında aparılan danışıqlardan danışan Kallas bildirib ki, tərəflər diplomatik həll yolu tapmalıdırlar:
“Hazırda atəşkəsin həlledici olduğunu onlara çatdırmaq üçün hər iki tərəflə əlaqə saxlayırıq. Yəni, indiki məqamda müharibəni bitirmək, Hörmüz boğazını açmaq və sonra bu vaxtdan nüvə problemi kimi mürəkkəb məsələlər, eləcə də digər mühüm mövzular üzrə uzunmüddətli danışıqlar üçün istifadə etmək vacibdir. Lakin imkanlarımız məhduddur, ona görə də bu mesajları bacardığımız qədər çatdırmağa çalışırıq”, – deyə Kallas bildirib.
İsrail və İran apreldə əldə olunan atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq iyunun 7-də hərbi əməliyyatları bərpa ediblər. Hücumların artmasına səbəb İsrailin Livanın paytaxtı Beyrutda İranyönlü Hizbullah hərəkatının üzvlərinə qarşı endirdiyi zərbələr olub və Tehran buna cavab verib.
Yeganə